Video Discription |
Çiyələyin zərərləri
Çiyələk... Ləzzəti bir ayrı, görüntüsü bir ayrı zövq verir. İnsan sağlamlığına faydalarını sadalamaqla bitməz. Dərman və kosmetika sənayesində geniş istifadə edilən çiyələk antioksidantlarla zəngindir. Hətta bu baxımdan siyahının ilk 10-luğuna daxildir.
A, C, B6, B12 vitaminləri ilə yanaşı, dəmir, fosfor, manqan, maqnezium, selen, kalium kimi minerallarla da zəngindir. Tərkibindəki faydalı maddələr sayəsində mövsümündə yeyilən çiyələk sağlamlığımızın keşikçisinə çevrilir. Lakin unutmaq olmaz ki, çiyələk də bəzi məqamlarda zərərli olur.
Çiyələyin zərərləri nələrdir?
-Həddən artıq yeyildiyində allergiya, köp, ürəkbulanma, qusma, ishal və qarın ağrısına yol açır;
-Normadan çox qəbul edildikdə mədədə yanma hissi yaradır, qaz əmələ gətirir;
-Dağ çiyələyindən çox yeyəndə qida zəhərlənməsi baş verə bilər;
Qorxmayın! Çünki çiyələyin faydaları zərərlərindən çoxdur. İndi sizə çiyələyin faydalarından danışacağam.
1) Sızanağın müalicəsində faydalıdır. 8 ədəd çiyələyi əzin, 1 xörək qaşığı süd ilə qarışdırıb üz dərisinə çəkin. 15 dəq sonra bol su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edildikdə, sızanaqlar önəmli dərəcədə azalır;
2) Gözaltı torbalardan yaxa qurtarmaq üçün də çiyələk faydalıdır. Çiyələklər nazik halqa şəklində doğranır, gözlərin altına qoyulur. 10 dəq sonra nahiyə ilıq su ilə yuyulur;
3) Xolesterol səviyyələrini stabilləşdirir. Çiyələk buna tutuculuq qabiliyyəti sayəsində nail olur;
4) Sümüklərin sağlamlığını qorumaq üçün nizamlı şəkildə çiyələk yeyilsə, yaxşıdır. Xüsusilə, uşaqların inkişafına kömək edir, yaşlılarda isə sümüklərin sıxlığını qoruyur;
5) Dişlərin bəyazlığını saxlamaq üçün də çiyələk istifadə etmək mümkündür. 1-2 dənə çiyələk əzilir, üzərinə az miqdarda soda əlavə edilir. Qarışım dişə sürtülür, 5 dəq gözlədilir, sonra qəşəng-qəşəng fırçalanır. Müntəzəm şəkildə tətbiq edildikdə mükəmməl bəyazlıq yaradır;
6) Çiyələkdən saça qullu vasitəsi də hazırlamaq olar. 10 dənə çiyələyi əzin, üzərinə 1 xörək qaşığı mayonez əlavə edin. Yaxşıca qarışdırın. Qarışımı saç diblərinə çəkin, 30 dəq sonra bol su ilə yuyun. Qısa müddətdə saçlara olan müsbət təsiri görəcəksiniz. Həmçinin, vasitə kəpək əmələ gəlməsinə mane olur, baş dərisinin sağlamlığını qoruyur;
7) Çiyələyin xərçəngdən qorumaq qabiliyyəti var. Antioksidantlarla zəngin olan çiyələk xərçəng riskini önəmli dərəcədə azaldır. Həmçinin, orqanizmin daxilində xərçəngə səbəb olacaq proseslərin baş verməsinin qarşısını alır;
8) Ayaqlara qulluq vasitəsi kimi də çiyələk seçilə bilər. 10 ədəd çiyələyi püre halına salın. Üzərinə az miqdarda yulaf əlavə edin. Ayaqlarınızı 8-10 dəqiqə ərzində ilıq suda saxlayın. Sonra çiyələk-yulaf qarışımı ilə ayaqlarınızı ovxalayın. Nəticədə, ayaqlar yorğunluqdan xilas olacaq, ölü hüceyrələrdən təmizlənəcək;
Gördüyünüz kimi, C vitamini və antioksidantlarla zəngin olan çiyələk dərinin təmizliyindən tutmuş, daxili orqanların, ümumiyyətlə, bütün orqanizmin sağlamlığının qorunmasınadək bir çox istiqamətlərdə faydalıdır.
Abunəçilərimizdən gələn bir neçə suala da cavab vermək istəyirəm:
1. Çiyələk ishal yaradırmı? –Kalorisi olduqca az olan çiyələk hər yaşdan olan insanların sevimlisidir. Bununla belə, normadan artıq yeyildikdə, ishal yarada bilir;
2. Çiyələk mədəni incidirmi? –Adətən, çiyələk mədəyə heç bir ziyan vurmur. Mədə xorası riskini azaltmaqla yanaşı, mədənin həzmetmə qabiliyyətini yüksəldir. Çiyələyin mədəyə təsirini araşdıran elm adamları deyir ki, çiyələk alkoqolun mədəyə vurduğu ziyanın həcmini azaltmaq qabiliyyətinə də malikdir. Yəni çiyələyə qarşı allergiyanız yoxdursa, onu ürəklə yeyə bilərsiniz. Təbii ki, qədərində;
3. Çiyələk uşaqlara ziyan vururmu? –Azyaşlı körpələrə çiyələk verməzdən əvvəl həkim nəzarətində allergik reaksiya yoxlanmalıdır. Əgər uşağın ağzının ətrafında çatlar, səpkilər, boğazda şişmə, dəridə qaşınma görülürsə, demək, uşağın çiyələyə qarşı allergiyası var. Uşağı çiyələkdən uzaq tutmalı, yaxud həkim nəzarətində müəyyən miqdarda yedirtməlisiniz; |